24 Nisan 2012 Salı

Bal Əriyin Sərvə məktubu


 Əziz Sərv. Mən sizin qarşınızdakı əvvəllər meşə olmuş sahənin indi tək qalmış ağacı Bal Əriyəm. Mən buradan sizin meşənizə baxıram və sənin çox  xoşbəxt olduğunu görürəm. Sizin meşəniz insanlara daha uzaq olduğu üçün ağaclar kəsilməmişdir. Amma zalım insanlar məni dostlarımdan ayıraraq tək qoymuşdur. Mən sənə başıma gələn hadisələri danışmaq istəyirəm.                  
      Vaxt var idi ki, burada biri-birindən gözəl, uca, dadlı meyvə ağacları var idi. Mən də bu ağaclardan biri idim. Biz hər zaman biri-birimizlə oyunlar oynayar, söhbət edərdik. Kiçik uşaqlar bizim kölgəmizdə dincələr, meyvələrimizdən yeyər, budaqlarımızdan sallanardılar. Biz çox xoşbəxt yaşayırdıq. Bizim budaqlarımız hər zaman biri-birinə qarışardı. Hər kəs çox vaxt Qırmızıyanaq Albalının meyvələrini mənim ağacımın budaqlarından yığardı. Biz hər birimiz biri-birimizi çox istəyirdik. Biz çox mehriban dost idik. Hər gün səbirsizliklə kiçik dostlarımızın gəlib bizimlə oynamasını gözləyirdik. Günlərimiz belə xoşbəxt keçərdi.  
      Bir gün yenə o xoş səhərlərdən biri açıldı. Mən yuxudan oyandım. Hər kəsin çox kədərli olduğunu, ağladığını gördüm. Mavigöz Alçadan nə baş verdiyini soruşdum. O, Qaraca Almanın (Qızıləhmədi) kəsildiyini söylədi. Mən çox kədərləndim və ağlamağa başladım. Bu hadisə hər birimizi çox məyus etdi. Amma nə etmək olardı?! Ondan qalan sadəcə quru kötük idi.
     Günortadan sonra bizim kiçik dostlarımız həmişə olduğu kimi, xoşbəxt sima ilə bizə baş çəkmək üçün gəldilər. Onlar Qaracanın kötüyünü gördülər. Artıq bizdən bir şey soruşmadılar. Onlar başa düşdülər ki , Qaracanı kəsiblər. Uşaqlar bizimlə axşama qədər qalıb sonra getdilər. Bir neçə günümüz belə keçdi...
     Bir səhər biz ayılıb gördük ki, yanımızda olan Sarıdonlu Armud yoxdur. Mən çox məyus oldum. Onun başına gələn mənim düşündüyüm idi. Onu gövdəsinin qırıntıları yerə səpələnmişdi.
    Bir neçə müddətə aramızdan daha yeddisi getdi. Bu payız bizə çox uğursuz olmuşdu. Yarpaqlarımızla birlikdə dostlarımızı da itirmişdik.
       Nəhayət, qış gəldi. Biz bu qışı dostlarımızsız keçirməli olduq. Hər il qışda bizim kiçik dostlarımız yanımıza gələr, ətrafımızda qartopu oynayardılar. Bəzən biz də onlara qoşular, budaqlarımızdakı qarı onların üzərinə tökərdik. Bədbəxtçilikdən bu il demək olar ki, qar da yağmadı.
Yavaş-yavaş yaz gəlirdi. Havalar isinir, ağaclar çiçək açırdı.
       Bir gün bir neçə insan gəlib bizim yanımızda kiçik ağaclar əkdilər. Bunların bəziləri meyvə bəziləri isə şam ağacları idi. Onlar bu ağacları əkib getdilər. Bu zaman bizim insanlara qarşı kinimiz bir az soyumağa başladı.
       Yaz yağışları tez-tez yağırdı. Lakin hər  dəfə bu yağış daha da sərt olurdu. Bir gün artıq bu dolu oldu. Dolu bütün ağacların çiçəklərini tökdü, kiçik ağacları qirdı, bütün bitkilərə ziyan vurdu. Yenə də biz məyus olaraq qaldıq.
       Yaz bitdi, yay gəldi. Ağaclarda meyvə olmadı. Mən hər gün o zamanlar dostlarımla keçirdiyim yayı xatırlayırdım. Hər gün tətildə yanımıza gələr, gözəl oyunlar oynayar, kölgəmizdə dincələr, meyvələrimizdən yeyər, budaqlarımızdan sallanardılar. Bu dəfə isə biz sadəcə köhnə xatirələri yada salırdıq.
       Yenə bir gün çoxlu insanlar gəldi. Bu dəfə onlar ağac əkməyə deyil, onları kəsməyə gəlmişdilər. Artıq bizim  onlara qarşı nifrətimiz artdı. Onlar ağacları sobada yandırmaq üçün kəsirdilər. Hər gün bir neçə ağacı kəsmək üçün onlar buraya gəlirdilər. Uşaqlar bunun qarşısını almaq üçün çalışırdılar,lakin zalım insanlar onların sözünə qulaq asmırdılar. Hər gün bir neçə ağac kəsilirdi. Artıq bir gün mən tək-tənha qaldım.
     Tənhalıq məni bezdirirdi. Günlərim keçmiş xatirələri yada salmaqla keçirdi.
     Bir gün sizin meşənizi gördüm.Bizim də o vaxtlar belə bir gözəl ailəmiz olduğunu xatırladım. İndi isə bu ailədən əsər-əlamət yoxdur.
     Mən bu məktubu Səba Küləyi ilə sənə göndərirəm. Səndən xahiş edirəm ki, özünün və dostlarının toxumlarından Səba Küləyi ilə buraya göndər.Bəlkə burada yeni ailə və yeni dostlar yaranar.
            
   Səninlə dost olmaq istəyən Bal Ərik 

BƏŞİROVA    KÖNÜL

Hiç yorum yok:

Yorum Gönder