24 Nisan 2012 Salı

Bala ağacın bir gəncə məktubu


Salam, əziz dost!
Biz ağaclar təbiətə gözəllik, insanlara təmiz nəfəs bəxş edirik. Bir çox quşlara yuva, neçə-neçə heyvanların sığınacaq yeriyik. Təbiəti bizsiz təsəvvür etmək mümkün deyil. Bütün canlıların bir-birinə faydası var. Gəlin həyatı sevək onun uzun müddət mövcud olmasına dəstək olaq. Bu biz canlılardan asılıdır. Meşələri qorumaq çox vacibdir. Çünki meşə bizim evimizdir.
Əziz dostum!
Bu məktubu sənə yazmağıma iki şey səbəb oldu. Birincisi, atamın mənə söylədikləridir ki, indi sənə bu qəmli hekayədən bəhs edəcəyəm. Indi kötüyü qalmış və məni bu qoca ormanda yalnız qoymuş bu ağac (Ata ağac) da bir zamanlar mənim kimi gənc, gözəl, sevgi ilə dolu imiş. Həmin zamanda sənin atan da indi sənin olduğun kimi gənc, sağlam bir dəliqanlı imiş.
Bir zamanlar Ata ağac çox xoşbəxt imiş. Gənc dostu onun yanına gələr, onunla oynayar, əylənərmiş. Ağac ona əvvəlcə yarpaqlarından pay verər, incə budaqları ilə ona əl uzadarmış. Uşaq onun gövdəsinə dırmaşar, budaqlarından sallanaraq əylənərmiş.
Ağac çiçək açıb gözəlliyinə gözəllik və ətir qatanda uşaq onun çiçəklərinə əli ilə toxunar, sonra əyilərək onu qoxulayarmış, bəzən hətta bu çiçəklərdən qopararmış. Ağac bundan hədsiz xoşlanarmış. Çiçəklər zamanla bar verəndə ağac şirin-şirin meyvələrindən kiçik dostuna...bəli...sənin atana pay verərmiş. Meyvə deyirəm sənə...bitib-tükənməyən. Günlərlə dostuna verməyə, onu doydurmağa payı varmış deyə Ata ağac çox xoşbəxt imiş. Kiçik dostu yeyib doyduqdan sonra ağacın gövdəsi ətrafında fırlanar, gizlənpaç oynayarmış. Yorulduqda isə ağacın sərin kölgəsində uyuyarmış. O da uşaqlığının qayğısız, xoşbəxt günlərini yaşayarmış. Beləcə illər də keçirmiş... Zaman yerində saymaz...
Kiçik dostu böyümüş. Neçə zaman imiş ki, vəfalı dostunu ziyarət etmirmiş. Elə ağac da böyüyüb qol-budaq atmış, amma kiçik dostunu unutmamışdır. Ondan çox nigaran imiş. Həm də çox tənha imiş.
Nəhayət, bir gün dostu onun yanına gəlir. Ağac hal-əhval tutmuş, onu unutduğundan gileylənmiş. Dostu, sən demə, artıq evlənmiş, ailə-uşaq sahibi olubmuş. Heç vaxtı yoxmuş ki, onun yanına gəlsin. Amma ehtiyac ona dostunu xatırlatmış. “Ailəmin ehtiyacları üçün lazım olan pulu haradan ala bilərəm?” – deyə dostundan soruşmuş. Ağac yenə meyvə ilə dolu imiş. O, sevincək: “Bu meyvələri sənin üçün yetişdirmişəm, neçə vaxtdır səni gözləyirdim, yığ apar, sat ailənə xərclə” – demiş. Dostu-sənin atan sevincək meyvələri yığıb satmağa aparanda Ata ağac yenə çox xoşbəxt imiş.
Yenə zaman keçmiş dostundan bir xəbər yox imiş.
Ata ağac çox kədərli imiş. Həmişə dostunu düşünərmiş.
Uzun sıxıntı və həsrətdən sonra dostu yenə onun yanına gəlir. Onun üzündə yenə narazı, qayğılı bir ifadə var imiş. Ağac onu görüncə sıxıntılarını unudub gülümsəmiş. “Gəl, gəl sənin üçün çox darıxmışam, gəl, budaqlarımdan sallan, kölgəmdə dincəl” – demiş. Dostu isə yenə gileylənibmiş. Ev tikmək üçün ağac lazımmış. Ata ağac dostuna: “Heç fikir etmə, kəs mənim budaqlarımı da apar” - demiş. Dostu quru-yaş bilmədən onun budaqlarını qırıb yola düşmüş. Ata ağac çox xoşbəxt imiş.
Yerində durmayan zaman sürətlə keçirmiş. Dostundan isə bir xəbər yox imiş.
Günlərin bir günü yenə ağacın yanına gələn bu dostu artıq əldən düşmüş, beli bükülmüş, saçları və dişləri tökülmüş, rəngi solmuş və üz-gözünü qırışlar basmış bir halda imiş.
Ağac onu görcək sevincindən nə edəcəyini bilməyibmiş. “Dostum haralardasan, bu halın nədir, gəl kölgəmdə bir az dincəl, gəl qucaqla məni” – demiş. Qoca: “Dostum həyat mənim heç  üzümə gülmədi, beş övladım vardı, biri körpə ikən, biri üç yaşında, biri on yaşında, biri isə iyirmi beş yaşında bu dünyaya göz yumdu. Hərəsi də bir dərddən... Bu dərdlər, bəlalar haradan gəldi, bilmirəm. Sanki xəstəliklər meşədə qırılan ağaclar qədər artıb çoxalır. Indi bir övladım qalıb, o da allahın ixtiyarındadır. Görürəm sən də tənhasan, həm də qocalmısan. Səni mən kəsib-doğradım, bir kötük qaldı səndən, bu boyda ormanı isə qohum-qardaşlarım qırdılar. Indi bir ağac da qalmamış ki, kölgəsində dincələm”
Qoca artıq ayaq üstündə də çətin dayanırmış.
Ona ürəyi yanan Ata ağacın kötüyü dilə gəldi: “Bu həyat amansızdır. Zaman hər şeyi məhv etdi. Daha doğrusu, siz insanlar bizi məhv etdiniz, bizsiz şikəst qalmış təbiət isə sizi məhv etdi.”
Kötük ağlamaq istəmiş, amma ağlaya bilməmiş, çünki qurumuş canında bir damla həyat əlaməti yox imiş.
Atam mənə dedi: “Amma mən yenə xoşbəxt idim, çünki dostum məni tərk etməyəcəkdi.”
Əziz dostum, mənim sənə bu məktubu yazmağımın ikinci səbəbi atamdan mənə keçmiş insanlara məhəbbətimdir. Məni yaxşı-yaxşı sula, qulluq et ki, nə sən tənhalıq, xəstəlik və bəlalarla üzləşəsən, nə də mən bu ormanın tənha ağacı olmayım. Sən mənə, mən də sənə - bir-birimizə gərəyik. Bunu unutmayaq.

2 yorum:

  1. Bu inşanı 2012-ci ildə "İnşa yazı müsabiqəsində"Nurlan Nəcəfzadə yazmışdı.Bu müsabiqədə Nurlan Nəcəfzadə qalib gələrək I yerə layiq görülmüşdür.

    YanıtlaSil
  2. Bu inşanı 2012-ci ildə "İnşa yazı müsabiqəsində"Nurlan Nəcəfzadə yazmışdı.Bu müsabiqədə Nurlan Nəcəfzadə qalib gələrək I yerə layiq görülmüşdür.

    YanıtlaSil